KAMAL İLHAMOĞLU

Leviafan və bizim polis

Leviafan və bizim polis

KAMAL İLHAMOĞLU
Bu yazı təxminən iki ay öncə yazılmalı idi. Allahın təqdiri bu günə imiş. Niyə iki ay öncə, onu da deyim. İyun ayının ilk 10 günlüyündə Yasamal rayonu Dadaş Bünyatzadə küçəsində vətəndaşlarla polis arasında yaşanan hadisəni yəqin ki, yaxşı xatırlayırsınız. Polisin çölə çıxma qadağasını pozan vətəndaşı zorla maşına mindirməsi, binanın üst mərtəbələrindən polisin bu davranışına etiraz edən vətəndaşların zibil torbaları atmaları, daha sonra polisimizin yanında olmalıyıq deyə ortaya düşənlər və s. yaşanan hadisələri nəzərdə tuturam.  Yəni həmin ərəfələrdə bu mövzuda yazacağımı demişdim.   
Yazının başlığındakı “Leviafan” sizlərə də məlum olduğu kimi Tomas Hobbsun 1651-ci ildə qələmə aldığı  əsərdəndir. Leviafan - şər qüvvələri təmsil edən vəhşi dəniz canavarıdır. Hobbsa görə insanlar öz razılıqları ilə bütün gücü Leviafana vermədiyi müddətcə sülh və əmin-amanlıq şəraitində yaşamaqları mümkün deyil. Eyni zamanda Leviafanın iradəsi qarşısında insanların həyatları heç bir önəm kəsb etmir. Yəni mütləq gücü əlində saxlayan insanları öldürə bilər, istədiyi şəkildə işgəncə verə bilər, hətta əmlaklarını da müsadirə edə bilər. Məsələ tək yuxarıda sadaladıqlarımla qalmır. Nəyin sülhə xidmət edəcəyinə, kimin harada necə danışacağına, yəni nəyin insanların faydasına olacağına da Leviafan qərar verəcəkdir. Əksi olacağı təqdirdə, bu günlərin məşhur ifadəsi ilə “sən dövlət və dövlətçiliyə xidmət etmirsən” yarlığı ilə “mükafat”landırıla bilərsən.
Rus rejissor Andrey Zvyaginsev də 2014-ci ildə çəkdiyi “Leviafan” adlı filmdə sadə vətəndaşların, getdikcə heç bir sərhəd tanımayan dəniz canavarına dönüşən iqtidar qarşısındakı acizliyini çox gözəl bir şəkildə təqdim edə bilmişdi. İzləməyənlərə tövsiyə edirəm.
Yazının əvvəlində dediyim kimi mən bu mövzu barəsində məlum hadisələr yaşandığı gün sosial şəbəkələrdə status yazmışdım. Yasamalda insanlar evlərindən lüt şəkildə aparıldıqda və bu səhnələrin məhz polislər tərəfindən çəkilərək ictimailəşdirildiyində yazmışdım. Yazmışdım ki, Azərbaycan polisindən kim və nəyə görə Leviafan düzəltmək istəyir. Bu gün yenidən bu mövzuya qayıtmağımın səbəbini yəqin ki, təxmin edə bilirsiniz. Bəli, sosial şəbəkələrdə yayılan fotolar. Bilməyənlər üçün deyim ki, 11 avqustda sosial şəbəkələrdə bəzi şəxslərin çılpaq fotoları yayıldı. Yayılan fotoların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu və lüt soyundurularaq işgəncə verilənlərin də Azərbaycan vətəndaşları olduğuna dair iddialar atıldı ortaya. Bu fotoların Azərbaycanda olduğunu söyləyənlərlə yanaşı, əksini deyənlər də oldu. Hətta kadrların birinə düşmüş dövlət atributlarının olması da ağıllara bəzi suallar gətirdi. Bir tərəf məlum atributları göstərərək bu fotoların Azərbaycanda çəkildiyini söyləsə də, əksini iddia edənlər isə dedilər ki, bu təxribat xarakterlidir, fotolara bilərək Azərbaycan bayrağı və gerbi yerləşdirilib.  Daxili İşlər Nazirliyi də naşı bir təkziblə bunun doğru olmadığını, yəni çəkilən fotoların Azərbaycana aid olmadığını söylədi. Başdan onu deyim ki, əgər həqiqətən bu fotolar bizim ölkəmizdə çəkilibsə, sadəcə dəhşət. Bunun həqiqəti əks etdirdiyini düşünmək belə insanın qanını dondurmağa kifayət edər.Eyni zamanda şəxsim adına arzu edirəm ki, yayılan məlumat yanlış olmuş olsun. Həqiqətən də bu fotolar ölkəmizin xaricində çəkilmiş olsun. Bunu insanlıq, xalqımız adına arzu edirəm.
Gələk yazının məğzinə. Özümüzə suallar verərək başlayaq. Azərbaycan polisinin mənfi imici varmı? Bəli. Hər birimizin şəxsən tanıdığı qohumu,qonşusu sinif yoldaşı və s. ən azından bir dəfə polis tərəfindən haqsızlığa məruz qalıbmı? Bəli. Polis bölmələrində insanların vəhşicəsinə döyüldüyü haqqında  məlumat eşidib, yazılar oxumuşuqmu? Bəli. Mitinqlərdə, etiraz aksiyalarında insanların vəhşi şəkildə döyüldüyünün şahidi olmuşuqmu? Bəli. Hətta bəzən insanların döyülmə faktının elə məhz polislər tərəfindən çəkilib ictimaiyyətə təqdim edildiyini görmüşükmü? Bəli. Bütün bu sualların cavabı bəlidirsə, deməli, Azərbaycan polisi özü özünü “Leviafan”, bədheybət şəkilində göstərməkdə maraqlıdır. Niyə bunu istəyir? Bununla mütləq gücü əlində saxlayacağını, iqtidarı sonsuza qədər itirməyəcəyinə inanır. Bir növ güc zəhərlənməsi yaşayır. Əksi olsa necə olardı? Götürək yeni yayılan fotolar üzərindən. Şəxsən daxili işlər naziri ictimaiyyət qarşısına çıxıb, məsələnin yalan olduğunu, iddiaların şər-böhtan xarakteri daşıdığını, deyilənlərin sübut olunacağı təqdirdə günahkarların ən ciddi şəkildə cəzalandırılacağını desə yaxşı olmazdımı? Əlbəttə olardı.  Azərbaycanda məmurlar elə zənn edirlər ki, çıxıb xalqla danışmaq onların xəncərlərinin qaşını salacaq. Türkiyədə daxili işlər nazirinin, təhsil nazirinin, səhiyyə nazirinin birbaşa sosial medyadan insanlarla ünsiyyət qurmasının hansı nəticələrə gətirib çıxardığının şahidi oluruq. Hətta mövcud iqtidarı dəstəkləməyən adamlar belə nazirlərin bu davranışlarından məmnun olduqlarını hər fürsətdə ifadə edirlər. Nəticədə “Dövlət Baba” ilə vətəndaş arasındakı buzlar əriyir. Xalq da o zaman olur dövlət və dövlətçiliyin yanında.
Dövlət və dövlətçilik demişkən. Məmləkətimdə bir çox iş əyri getdiyi kimi, hər fürsətdə polisin yanında olmalıyıq deyən, ağıla, məntiqə sığmayan arqumentlərdən istifadə edən insanların da olmasının şahidi oluruq. Ölkədə cərəyan edən mənfiliklərə münasibət bildirmək istəyirsən ki, özünü hamıdan ağıllı hesab edən biri çıxır deyir belə danışmayın, bu təxribatdır, polisin yanında olmalıyıq, ordunun yanında olmalıyıq, dövlətin, dövlətçiliyin yanında olmalıyıq. Bəli, bu sadalananların yanında olmaq labüddür. Amma onlar da xalqın yanında olduğu müddətcə. Yoxsa istəyirsən hamamçının yanında ol, ya da kisəçinin. Kirlisən ki kirli. Fərq etmir harada olmağın. Cənablar, xalqın yanında olmaq lazımdır, xalqın.  Son olaraq deyim ki, bir ölkənin başda güc strukturları, eləcə də digər qurumları bu qədər asanlıqla təxribatla üzləşə bilirsə, onların imicini korlamaq bu qədər bəsitdirsə, deməli, idarə etmə sistemində, siyasi iqtidarda ciddi problemlər var.

MÜƏLLİFİN DİGƏR YAZILARI