KAMAL İLHAMOĞLU

Məscidlərin bağlı qalmasında dindarların rolu

Məscidlərin bağlı qalmasında dindarların rolu

KAMAL İLHAMOĞLU
Bir müddət öncə mətbuatda “Yunanıstanda restavrasiya adı altında məscid bağlanıldı” başlıqlı xəbər görmüşdüm. Daha sonra “Almaniyadakı məscidlər hücum olma ehtimalına görə bağlandı” xəbərini gördüyümü xatırlayıram. Eyni zamanda Hollandiya və Avstriyada məscidlərin bağlanması ilə bağlı xəbərlər var idi. Yeni Zelandiyada olan hadisəni isə xatırlamaq belə istəmirəm. Bu yazdıqlarıma daha sonra qayıdaram. İndi isə keçək ölkəmizdəki məscidlərin hazırkı vəziyyətinə.
Bizim ölkədə ən rahat  bağlanan yer məsciddir. Bağlandıqdan sonra açılması istiqamətində ən az iş görülən yer də məsciddir. Məlum virus ortaya çıxdıqdan sonra ilk bağlanan yerlərdən biri də məscidlərimiz oldu. Karantin dövründə digər bağlanan yerlər zaman-zaman açılıb, yenidən bağlanmış olsa da məscidlər açılmadı. Bu məsələ TƏBİB-in, Operativ Qərargahın gündəminə belə gəlmədi.  Bəlkə də Operativ Qərargahda oturanların məscidlərin bağlanması hadisəsindən xəbərləri belə yoxdur. Məscidin yolunu bilməyən adamlar onun bağlanmasından necə xəbərdar ola bilər ki?! Məsələn, mən gizli-gizli bəzi restoranların işlədiyini bilsəm də, barların, gecə klublarının gizli də olsa fəaliyyət göstərməsindən xəbərsizəm. Niyəsini məscidlərin açıq və ya bağlı olması marağında olmayan adamlar üzərindən izah etdim. Təkrar deyəcək olsam, gecə klublarının açıq və ya qapalı olması mənə maraqlı deyil. Getməmişəm. Mənim gündəmim də ola bilməz.  Sosial şəbəkələrdə dindarların yazdığı statuslardan, şərhlərdən anladığım qədər ilə onlar da məscidlərin hələ də bağlı olmasının səbəbini bilmirlər. Kimlərsə bunu ən bəsit şəkildə izah edərək  deyirlər ki, açılan iaşə obyektləri hansısa oliqarx məmurun və s. olduğu üçün açılır. Yəni ortada kommersiya maraqları var. Məscid bu qəbildən yer olmadığı üçün bağlı qalır. Əlbəttə ki, məsələ heç də belə deyil.
Düşünürəm ki, yuxarıdakı cümlələrimdə  məscidlərin hələ də bağlı saxlanılması qərarında israrlı olan, sosial məsafə qaydalarına əməl edərək də olsa günün müəyyən vaxtları açılmasına da icazə verməyən qurum və şəxslərə deyilə biləcək ən “xoş” sözləri dedim.
Lakin əsas məsələ o deyil. Əsas cavabını axtarmalı olduğumuz sual odur ki, məscidlərin açılmamasında  müsəlmanların nə qədər rolu var. Bəli, düz oxudunuz. Məscidlərin açılmamasında müsəlmanların rolundan bəhs edirəm. Mən öz bildiklərimi yazım, qəbul edib-etməmək sizə qalsın. İlk öncə ondan başlayım ki, bizim ölkəmizdə siyasi iqtidara ən çox güzəşt edən, hətta ona kart-blanş verən ən böyük təmsiliyyəti olan qrup müsəlmanlardır. Müsəlmanlar bir-iki hadisə istisna olmaqla hakimiyyətə “Axilles Dabanı”nı xatırlatmayıb. Eləcə də iqtidar müsəlmanlarla olan münasibətində nə özünün nə də qarşısındakı dindarların “Axilles Dabanı”nı nəzərə almayıb. Müsəlmanlar heç bir ictimai məsələyə münasibət bildirməyiblər. Ölkədə daş daş üstündə qalmayanda belə giriblər məscidlərə oradan çıxmayıblar. Heç  bir ictimai fiqura sahib çıxmayıblar. İndi nə deyirlər? Niyə bir siyasətçi məscidlərlə bağlı danışmır? Niyə bir jurnalist bu haqda Operativ Qərargaha sual vermir? Mənim əziz müsəlman qardaş və bacım çünki sən özünü ölkədəki ictimai-siyasi proseslərdən təcrid etmisən. Soruşuram sizdən məclisində başda oturtduğun hakimiyyət nümayəndəsinə və ya tədbirlərinin ən baş qonağı etdiyin deputatına yazılı şəkildə müraciət etmisənmi? Bu məsələnin Milli Məclisdə müzakirə olunmasını tələb etmisənmi? Başqa alternativlər barəsində düşünmüsənmi? Bu sualları uzada bilərəm. Lakin cavabını bildiyim sualların nə sizə, nə mənə faydası olmayacağı üçün uzatmıram.
Məscidlər Operativ Qərargahın gündəmi olmasa da, iqtidar ideoloqları hazırkı vəziyyəti hesablayır. Qeydlər aparır özü üçün. Müsəlmanların “bıçaq sümüyünə” nə vaxt dirənəcək, onu görmək istəyirlər. Eyni zamanda bizdən dinlə alver etməyimizi istəyirlər. Amerikalı məşhur din işləri müşaviri papaz Billy Graham necə deyirdi: “Dünyanın ən mükəmməl məhsulu olan “din” satılarkən, bir yuyucu tozu üçün həyata keçirilən reklam fəaliyyəti din üçün də tətbiq edilməlidir”. Azərbaycan hakimiyyəti ölkəmizdəki müsəlmanları Gramın gözü ilə dəyərləndirir.
Sonda isə yazının ilk abzasına qayıtmaq istəyirəm.  Yunanıstanda, Almaniyada, Avstriya və s. ölkələrdə məscidlərin bağlanması ilə bağlı mətbuata çıxan xəbərlərdən bəhs etmişdim. Azərbaycanda, Avropada eləcə də dünyanın istənilən nöqtəsində bağlanılan məscidlərə ən yaxşı halda sosial şəbəkələrdə yazdığımız statuslarla etiraz edirik. Çox təəssüflər olsun ki, Azərbaycanda da bağlanan məscidlərə sosial şəbəkələrdə yazdığımız statusla etiraz etmək istəyirik. Acı olan tərəfi də odur ki, bunu sarkazmla edirik. Bu, bilirsiniz nəyə bənzəyir? Bilsəniz də mən yazacam. Bir gün Molla Nəsrəddin xanımı ilə yolda gedir. Soyğunçular bunları tutur. Bir dairə çəkir. Mollaya və həyat yoldaşına deyir ki, bu dairədən ayağınızı çölə qoymayın. Bütün var dövlətlərini alıb, aparırlar. Quldurlar getdikdən sonra həyat yoldaşı deyir ki, Molla, sən niyə oğrulara etiraz etmədin? Molla da deyir ki, ay arvad sənin xəbərin yoxdur.  Mən ayağımı üç dəfə bizim üçün çəkilən dairədən çölə çıxarmışam.

MÜƏLLİFİN DİGƏR YAZILARI