KAMAL İLHAMOĞLU

Həsən anlamır, Hans “camaat”a yol göstərir

Həsən anlamır, Hans “camaat”a yol göstərir

KAMAL İLHAMOĞLU
Əvvəla yazının başlığı niyə “Həsən anlamır, Hans “camaat”a yol göstərir” şəkilindədir onun hekayəsini izah edərək başlayım yazıma. Bu ifadənin müəllifi rəhmətlik Nəcməddin Ərbakandır. “Milli Görüş” lideri bu ifadəni  o mənada işlədib ki, onun danışdıqlarını bütün xarici qüvvələr başa düşür,  yerli olanlar isə başa düşmürlər. Rəhmətlik deyirdi ki, “Mənim siyonizmlə əlaqədar danışdıqlarımı siyonistlər başa düşdü, lakin mənim öz millətim anlamadı”.
Bir neçə il öncə  Səlçuk Türkyılmaz da  bu ifadələri fərqli şəkildə yazısının başlığında istifadə etmişdi. Türkyılmazın yazısının başlığı isə bu şəkildə idi: “Həsən anladı, amma Hans anlamadı”. Səlçuk Türkyılmaz bu başlığı ona görə istifadə edib ki, 2016-cı il iyulun 15-dəki FETÖ hərbi çevrilişinə cəhd hadisələrini yerli və milli olanlar başa düşdülər və buna görə də məlum gecədən  Türkiyə, xalq olaraq üzü ağ çıxa bildi. Lakin ürəyi Qərblə döyünənlər, vətəninə düşmən olanlar başa düşə bilmədilər. Həsən yerli və milli olanı, Hans isə yerli olmayanı təmsil edir.

Düşünürəm ki, bu qədər geniş izahdan sonra biz ölkəmizdəki Həsənə qayıda bilərik. Bizim Həsənin vəziyyəti necədir deyə soruşası olsaq, görünən odur ki, heç yaxşı deyil. Bizim Həsən hələ ki, anlamamaq üçün israr edir. Çünki bizim həsənlərin hamısı birmənalı şəkildə “camaat”laşıblar. Dolayısıyla da xarici aləmə qarşı gözlərini və qulaqlarını bağlayıblar. Yazını oxuyanların bu yerdə nə demək istədiyimlə bağlı sualları ola bilər. Məsələni bir az da açmadan öncə Alev Alatlının bir ifadəsini qeyd etmək istəyirəm. Alev Alatlı 1991-ci ildə “Türkiyə Günlüğü” jurnalında bu cümlələri yazırdı: “İbtidai cəmiyyətlərdə kainat “camaat”dır. “Camaat”ın xaricində qalan hər şey qaranlıqdır. “Camaat”a aid olmayan bütün qruplar, quruluşlar hamısı marjinaldır, yox hesab edilir. “Camaat” Yaradıcının kainatı onun üçün yaratdığını düşünür”. Alatlı bu cümlələri ilə bütün “camaat”ları, eləcə də özünü “camaat” hesab etməyən “camaat”ları da əhatə edir.

Məsələnin məğzi belədir ki, ölkəmizdə əksəriyyət “camaat”laşma həvəsindədir və böyük çoxluqla bunu bacarıblar. Və onlar da öz növbələrində hər sahədə öz adamlarını yetişdirməyə çalışırlar. İlk baxışda “adam yetişdirmək” ifadəsi pis səslənməsə də, bəhsi keçən qrupların əsas dərdi adamın yetişməsi deyil, onların istədiyi kimi adamın yetişməsidir. İstəyirlər ki, öz yazarlarını, öz intellektuallarını yaratsınlar. Bir gün “yaratdıqları” adamlar onların istəmədiyi şəkildə danışmağa başlasa, dərhal onu “aforoz” etməyə hazırdırlar.

Deməli, bu qruplar eyni zamanda bütpərəstdirlər. Bütpərəstlik, çoxları tərəfindən bilinənin əksinə, yaradanın çox olduğuna inanmaqdan əlavə, insanın özünün formalaşdırdığına inanmasıdır.
İndiki vəziyyətdə Həsənin bir neçə xətası var. Onun xətalarını bu şəkildə sıralamaq olar: bilmir, bilmədiyini də bilmir, “camaat”laşmaqda israrlıdır, yeni-yeni həsənləri də öz sıralarına qatmağa çalışır. Eyni zamanda Həsənin “ağıl hoca”sı var. Həsən düşünür ki, “ağıl hoca”sı nə desə, mütləq həqiqət odur. “Camaat”ların fikri anlamda liderlik edənləri də adətən bu şəkildə davranır. Həqiqət deyə başlayırlar, daha sonra həqiqəti göstərəcəm deyirlər, nəhayət həqiqət məndədir deyirlər. Harasından baxsan bu torpaqlar üçün təhlükəli vəziyyətdir.

Mən inanıram ki, bir gün bu ölkənin həsənləri hər şeyi anlayacaq. Gec də olsa anlayacaq. Bizim dərdimiz, davamız həsənlərin bir an öncə anlamasına xidmət etməkdir. Başda da dediyim kimi Həsən yerli və millidir. Bu torpaqların yerli və milli olan hər kəsə ehtiyacı var.

MÜƏLLİFİN DİGƏR YAZILARI