KAMAL İLHAMOĞLU

İqtidara qurban etdiyimiz “Sarı inək”lər

İqtidara qurban etdiyimiz “Sarı inək”lər

KAMAL İLHAMOĞLU
Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldiyi gündən etibarən cəmiyyət olaraq onlara “Sarı inək”lərimizi qurban veririk. Bu gedişlə “sarı inək”lərimiz bitəcək. Bəlkə də bitib. Hələ ki bizdən aldıqlarını “Sarı inək” adı altında alırlar.
Düşünürəm ki, çoxunuz məşhur “Sarı inək” hekayəsini bilirsiniz. Lakin mən yenə yazım, oxumamış olanlarınız hekayədən agah olsun. Bir vaxtlar eyni meşədə aslan və inək sürüsü birlikdə yaşayırmış. Aslan sürüsü həm sayca az, həm də fiziki olaraq zəif imiş. İnək sürüsü isə sayca çox və özünü müdafiə edə biləcək qədər güclü imiş. Aclıqdan, taqətdən düşmüş olan aslan sürüsü inəkləri ovlamaq istəsələr də, buna güclərinin çatmayacağının fərqində imişlər. İnəkləri ovlamaq üçün hiylə işlətmək qərarına gəlirlər. İçlərindən başbilən bir aslanı inək sürüsünə elçi olaraq göndərirlər. Elçi kimi gedən aslan inəklərə deyir ki, sizə hücum etsək nə olacağını bilirsiniz. Şübhəsiz ki, birinizi götürüb yeyəcəyik, bunun qarşısını ala bilməzsiniz. Gəlin, özünüzü və bizi yormayın. Birinizin rəngi çox sarıdır, sizdən fərqlidir və gözlərimizi yorur. Bizə versəniz, sizə hücum etmədən onu götürüb buralardan gedəcəyik və bir daha sizi narahat etməyəcəyik. Və sülh şəraitində yaşayarıq. İnəklər öz aralarında düşünürlər. Aralarından ən müdrik olandan soruşurlar. Müdrik inək: "Xeyr, heç birinizi  verməyin",- deyir. Amma aslanlar israrlıdır. Digər inəklər də Sarı inəyi verməkdən yanadırlar. Düşünürlər ki, hücum etsələr, birimizi ovlayacaqlar və çox yorulacağıq. Belə olmaqdansa Sarı inəyi verək. Biz böyük bir sürüyük, başımıza heç nə gəlməz. Nəhayət Sarı inəyi verirlər. Sarı inəyi yeyən aslanlar bir az da güc toplayırlar.  Bir neçə gündən sonra aslanlar yenidən acır. Eyni şəkildə elçilərini inəklərin üstünə göndərirlər. Aranızda bir buynuzu qırıq olan  inək var, bizi əsəbiləşdirir. Onu bizə verin. Biz də sizə toxunmayaq. İnəklər arasında eyni dialoq yaşansa da, bu səfər də aslanların istədiyini verirlər. Beləliklə,  aslanların istəyi bitmir. Xallı inək, qısa quyruqlu inək, elə inək, belə inək deyə-deyə bir-bir inəkləri yeyirlər. Sürü də gündən-günə azalır. İnək sürüsü zəiflədikcə, aslanlar güclənir. Aslanların elçi göndərməsinə ehtiyac qalmır. Artıq açıq şəkildə hücum edərək, istədikləri inəkləri götürüb yeyirlər.
Sürünün aparıcı inəkləri təlaş içində müdrik inəyin yanına qaçırlar: "Harada səhv etdik? Bu gedişlə tamamilə soyumuz kəsiləcək”. Müdrik inək: "Sarı inəyi verərkən səhv etdiniz",- cavabını verir.
Bu məşhur  “Sarı inək” hekayəsindən  yola çıxaraq illərdir ölkədə yaşananlara baxsaq görərik ki, hakimiyyət istədikcə alıb. Aldıqca xalq olaraq zəifləmişik.
İstədikləri zaman, istədikləri insanı, istədikləri şəkildə həbs ediblər. Ölkədə qanunların başına istədikləri oyunları açırlar. Ən son pandemiya zamanı aldıqları qərarlar, verdikləri 190 manatda çıxardıqları oyunlar, bir-birinə zidd olan açıqlamalar və s.  Hazırda da 14 iyul yürüşünə çıxan müxaliflərin kütləvi həbsini həyata keçirirlər. Eyni şəkildə almağa davam edirlər. Belə davam edərsə, bir gün o qədər almış olacaqlar ki, vermədiyimiz heç bir şey qalmayacaq.
Bir məqamı da unutmamalıyıq ki, “Sarı inək”lərimizi yalnız hakimiyyətə qurban vermədik. Biz xalq olaraq eyni zamanda yerli və  milli olmayan təşkilatlara da çox “Sarı inək”lər qurban etdik.  Ümidsiz olmamalıyıq. Amma ilk fürsətdə özümüzə gəlməliyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI