AZƏR HÜSEYNOV

Kiçik ideallar xalqların süqutudur

Kiçik ideallar xalqların süqutudur

AZƏR HÜSEYNOV

Roma çox güclü və təkəbbürlü idi. Birdən meşələrdən vandallar gəldi. Romanı yaman günə qoydu. Roma mifini dağıtdı. Avropa kralları da çox təkəbbürlü idi. Birdən Atilla gəldi. Bizans çox güclü idi. Bir az sahabə və Xalidd ibn Valid gəldi və sözünü dedi. İran Sasani dövləti yerə göyə sığmazdı. Həzrəti Ömər gəldi. Səlcuqlular da çox güclü idi. Amma birdən monqollar gəldi və hakim oldu. Ağqoyunlular da yuxarıdan gedirdi. Səfəvilər gəldi. Gəldi. Gəldi. Gəldi...

Tarix yazmaq üçün iki təşviq edici amil var. Ya kasıb və hirsli olmalısan. Ya da fədakar və əqidəli olmalısan. Bu iki amil tarixən tarixin gedişini dəyişmiş, böyük dövlətləri sona gətirmişdir. 
Hirsli olmayan kasıblar da tarix yaza bilmir. Fədakar olan əqidəsizlər də. 
Deməli iki amil lazımdır. Əqidə və fədakarlıq. 

Bu haqda millət olaraq düşünmə zamanımız gəlmişdir. Bizim əqidəmizi əlimizdən almağa çalışdılar. Qol-budağını qırdılar. Amma kök varsa ağac yenə bitər. 
Bir də hamımız dünya gözü ilə səadəti görəcəyik deyə bir vəd də yoxdur.
Səadəti fərdlər görməyə bilər. Millətlər görər

Xalqlar kiçik ideallara məhkum edildikdə onların tarixdən itmə prosesi başlayır. 1980-ci illərin sonu Azərbaycan xalqı böyük idealların arxasınca gedərək Sovet Dövlətinə bir ideoloji savaş açdı. Nəticədə müstəqillik qazandıq. Bu gün hamımız o müstəqilliyin bəhrələrini istifadə edirik. Alnını səcdəyə qoyanlar, millətçilər, demokratlar, hətta bu gün milli deyiləndə qıcıqlanan liberallar belə. Hansı ki, deyirlər milli mənəvi dəyərlərin tərifi varmı? Var müdir, var! Milli mənəvi dəyərlər özünəhörmətin əsas amilidir. Özünəhörmət üçün də böyük idealları yenidən gündəmə gətirmək lazımdır. Düşmənimiz heç bir zaman olmayan böyük ermənistan şüarını gündəmdə saxlamırmı? Elə isə, xilas böyük ideallardadır. 

Ümid edirəm ki, bir zaman ABŞ-ın yüz oyunla yıxmaq istədiyi SSRİ-yə savaş açmış xalqımız yenə də böyük idealların arxasınca gedəcəkdir. Bu yolda şəhidlər verəcəkdir, qaziləri olacaqdır. Torpaqların qaytarılması bu idealların ancaq kiçik bir hissəsi olacaqdır. 

Unutmayaq ki, kiçik ideallar xalqların süqutudur! Böyük ideallar arxasınca gedən kiçik xalqların böyük gücləri çökdürdüyü tarixin düsturudur. Məişətə və ehtirasa qapılan böyük xalqlar isə artıq ancaq tarix dərsliklərindədir.


Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI