AZƏR HÜSEYNOV

Türkiyə amili və bir kəlmənin ətrafında birləşmək

Türkiyə amili və bir kəlmənin ətrafında birləşmək

AZƏR HÜSEYNOV
Milləti bir kəlmənin ətrafında birləşdirmək bu zaman kəsiyində çox önəmlidir. Çünki biz hal-hazırda müharibə şəraitindəyik. Əgər fikir verirsinizsə düşmən tərəfin bütün tədbirlərində ideoloji istiqamət ruhanilər tərəfindən tənzimlənir. Londonda keçirilən aksiyada yəqin ki, hamınız o keşişi gördünüz. Düşmən əsrlərdir öz kilsəsi ətrafında birləşir. Təəssüf ki, bizim bu istiqamətdə problemlərimiz çoxdur. Bunun başlıca səbəbi odur ki, nadir istisnaları çıxmaq şərti ilə bizim ruhanilər ideoloji funksiya yerinə yetirə bilmir.

Bunun da bir sıra səbəbləri vardır. Sovet Rusiyası xalqımızın mədrəsə mirasını darmadağın elədi. İdeoloji olaraq məsələləri anlayan ruhaniləri məhv etdi. Qalanları isə sadəcə insanların yas ehtiyaclarını ödəmək iqtidarında oldular. Ümid edirəm ki, bizim ruhanilər də islamın ideoloji istiqamətlərini bir gün anlayar və xalqın düşmənə qarşı səfərbər olmasına öz köməklərini edərlər. Ancaq burada bir məqamı qeyd edim ki, özünü xarici bir dini rəhbərin müqəllidi hesad edənlər bunu qətiyyən edə bilməz. Xüsusi ilə bizi ölkə olaraq siyasi xəritədə görmək istəməyən dövlətlərin. Ətrafında birləşə biləcəyimiz bir kəlmə vardır. O da "lə ilahə illəllah" kəlməsidir. Burada mənim qəsdim hər kəsin ibadət əhkamları ətrafında birləşdirilməsi deyildir. İnsanlara bu boşluq içərisində yalnız bir ilaha, bir Rəbbə güvənmək hissini vermək lazımdır. Bu duyğunun kütləviləşməsi xalqın imperial güclər və Ermənistan qarşısında fəaliyyət şəklini dəyişə bilər. Bizim şüurumuzu müdafiədən hücuma ayarlaya bilər.

Artıq qlobal müstəvidə bir çox şey dəyişir. Türk-islam dünyası imperial güclərə qarşı səhvlərindən nəticə çıxardaraq Türkiyənin ətrafında birləşməyə meyl edir. Biz bilirik ki, Ermənistan təcavüzü qarşısında bizi öz canının bir parçası kimi müdafiə edən də Türkiyədir. Türkiyə eyni zamanda şimal qonşumuz Rusiyanın Cənubi Qafqaz inhisarının bitməsi istiqamətində çalışır. Tarixən, inkişafımızı əngəlləyən, bizi milli kimliyimizdən, dirəniş ruhumuzun qidası olan imanımızdan uzaqlaşdıran Rusiya olmuşdur. Rusiya hal-hazırda Cənubi Qafqazda Ermənistana da dərs keçir. Deyir ki, mənsiz sən bir heçsən. Amma onun Ermənistana keçdiyi dərs bir nəfərinin çox istədiyi itini cəzalandırmasına bənzəyir. Cəza bitdikdən sonra sahibi itini yenə qucağına ala bilər. Sonra yenə də ona “fass” deyib kiminsə üstünə buraxa bilər. Buna görə də, dövlət olaraq qəti bir şəkildə müdafiə taktikasına çəkilməməliyiz. Hücum mövqeyində dirayətli dayanmağımız və təmkinli olmağımız lazımdır.

Bir də bir şeyi bilməliyik ki, qeyd etdiyim o kəlmə bizim Türkiyə və islam ümməti ilə də bağlarımızı gücləndirir. Islam ümməti yeni konsalidasiya mərhələsinə daxil olur. Və bunun qapılarından biri də bizim cəbhədir. Azərbaycan – Ermənistan cəbhəsindəki gərginliyin sonunda biz düşmənə həm məkanda, həm də düşüncə və imanda qalib gəlməliyik. Ən möhkəm bağlar ideoloji bağlardır. Türkiyə ilə ideoloji bağlarımıza önəm verməliyik. Bəziləri bizi ideoloji olaraq şimalla bağlamaq istədi. Millət olaraq itirdik. Bəziləri də bizi ideoloji olaraq Qərblə bağlamağa cəhd etdi. Bu yolun gənc nümayəndələrinə bax sosial şəbəkədə. Tam bir xəyanət ruhu. Bunu nəzərə almaq önəmlidir. Bilirəm ki, ölkəmdə bir çoxu bu kəlmədən qorxur. Tovsiyyə edirəm qorxmasınlar və bu kəlmə ilə münasibət qursunlar. Bu kəlmə həm də gələcək geosiyasətin açarıdır. Geosiyasi var olmanın təməlidir. Buna diqqəti mən yox, Qərbin bir çox böyük siyasi təhlilçisi çəkir. Biz qalib edəcək bir mənəvi-ideoloji, bir də geosiyasi amil vardır. heç birini axsatmaq olmaz. Hər halda...

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI