AZƏR HÜSEYNOV

DƏRDİN ALIM

DƏRDİN ALIM

AZƏR HÜSEYNOV
Dərd və dəva mövzusu qədim bir mövzudur. Hər bir kəsin dərdi dərd anlayışına görədir. Bir sözlə, dərd anlayışına təsir edən əsas amillərdən biri də dünya görüşüdür. Təbii ki, burada fiziki ağrıları, təbii fəlakətləri və digər faciəvi anları nəzərdə tutmuram. Çünki bunlar gələndə hər kəsə dərd olur. Mən ictimai və insani dərdləri nəzərdə tuturam. Xüsusi ilə, burada bir məqamı ayırmaq istəyirəm. Dərd, qayğı və maraq eyni anlamı ifadə etməz. Qayğı keçici bir haldır. Daha çox fərdlə, şəxslə bağlı olur. Maraq isə bəzən bir ekzotiklik kimi yaranır. Elə tutaq hansı isə bir dinə, inanca münasibətdə. Bəzən, qayğı və maraq insanları özlərini dərd insanı hesab edirlər. Halbuki, onların gündəlik həyat rejimlərinə, ailələri ilə olan münasibətlərinə, gündəlik fikrəgetmə faizlərinə baxdıqda görmək olur ki, onlar dərd əhli deyildir. Hərdən evdə həyat yoldaşı ilə söhbətin ortasında başqa aləmə səyahət etməyən, həyat yoldaşının "ayə, bu yenə getdi" demədiyi adamlar dərd adamı ola bilməzlər. Dərd əhlinin sosial həyatında, gündəlik rejimində, üz mimikasında, söz söhbətində, həyat siyasətində dərdinin izləri açıq görsənir.

Sizə bir şey deyim, Rəbbim də dərd insanlarını sevər. Onun pak rəsulunun nə dərəcədə dərdli birisi olduğunu görmək istəyən Quran ayələrinə bir baxsın. Dünyanı da düzəldən, bax o maraqbaz, kələkbaz, yeməkbazları belə insan olacaq düzənə salanlar dərd adamlarıdır, dərd əhlidir. İndi ölkəmdə dərd adamı azdır. Bəzən, görürsən ki, birisi sosial şəbəkələrdə fiğan edir, amma adamı tanıyırsan, oturmusan, durmusan, dərd əhli deyildir. Dərd əhli kimi də görsənmək mümkündür. Amma bir yerə qədər. Sonra üzləri açan Allah dərd əhlisənmi, deyilsənmi ortaya qoyar.

Ölkəmin də din xadimləri, siyasətçilər, alimlər, incəsənət adamları, ictimai şəxsiyyətlər arasında dərd adamlarına ehtiyacı vardır. O, dərd adamı üçün evindəki uşağına yemək almaq qayğısının üstündə viranə tikmiş bir dərdi vardır. Hara gedir yurdumun insanı? Din xadimdirsə dərdi o olmalıdır ki, Allahı görmürəm, ölkə insanımda. Siyasətçidirsə dərdi o olmalıdır ki, etinasızlıq və ictimai laqeydlik alıb aparıb bizi. Hərbçisidirsə üzbəüz səngərdə dalğalanan gavur bayrağını görəndə içi içini yesin. Alimdirsə saxta alimciklərin plagiat şəhərlərinin elm diyarında varlığını dərd eləsin.

Dərd əhlinə ehtiyacın var, Azərbaycan! Buna bizim tasavvuf mədəniyyətində məczublar deyərlər. Saçı başı bir-birinə qarışmış dərd adamları. Bilin ki, tarixin seyrini dəyişdirən bütün tarixi şəxsiyyətlər ilk öncə ustadlarından DƏRDİ miras aldılar. Bu arada obamın DƏRDİN ALIM sözü yadıma düşdü. Varmı elə igidlər ki, dərd ala. Dərdli divanələr görmək dərdi ilə, DƏRDİN ALIM ay Vətən!

Azər Hüseynov.
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI