KAMAL İLHAMOĞLU

Dəliliyi seçməmək dəlilikdir

Dəliliyi seçməmək dəlilikdir

KAMAL İLHAMOĞLU
Kral ( düşüncəli vəziyyətdə): Bəli, yəqin ki, ata biləcəyim ən doğru addım budur. Dəlillik, dediyin kimi, mənə kraliça və xalqla birlikdə rahat bir həyat yaşamağıma şərait yaradacaq. Bəs ağıl nə vəd edir mənə?!
Vəzir: Heç. Sizi xalqdan uzaqlaşdırır və xalqın gözündə dəli kimi görünürsünüz.
Kral: Belə olan halda dəliliyi seçməməyim dəlilikdir.
Vəzir: Mən də belə düşünürəm.
Kral: Deməli, dəliliyi seçmək ən ağıllı işdir.
Vəzir: Şübhəsiz.
Kral: Yaxşı, ağıllı olmaqla dəlillik arasında  nə fərq var?
Vəzir: Bir az düşünüm (öz-özünə təəccüblənir). Bu fərqin nədə olduğunu bilmirəm.
Kral: Təcili o çayın suyundan  mənə də gətir. Cəld ol.
Yuxarıda oxuduğunuz bu dialoq ərəb ədəbiyyatı ilə müasir dünya ədəbiyyatı arasında körpü rolu oynadığı deyilən, misirli yazıçı Tevfik El-Hakim’in “Dəlilər Çayı” pyesindəndir. Bu hissə əsərin son dialoqu olduğu üçün ilk baxışda anlaşılmaya bilər. Deməli hadisələr xəyali bir ölkədə cərəyan edir. Bəhsi keçən bu ölkədə münəccim bir yuxu görür. Yuxuda görür ki, bir müddət sonra ölkələrinə yağış yağacaq. Şiddətli şəkildə yağacaq bu yağış onların içməli su ehtiyatlarını qarşıladıqları çaya dolub daşacaq.  Bura qədər hər şey normal görünə bilər. Lakin bu yağışın suyu bilinən sulardan deyil, əksinə içəni dəli etmə xüsusiyyətinə malikdir. Yuxusunu krala danışan münəccim dərhal tədbir görməyin vacibliyini söyləyir. Kral da yağış yağana qədər əlində olan bütün fürsətləri dəyərləndirərək su toplayır. Bilir ki, bir müddət sonra yağış yağacaq və illərdir ləzzətlə içdikləri sudan içə bilməyəcəklər.
Bir müddət sonra gözlənilən yağış yağır. Bütün çaylar yağış suyu ilə dolur. Vəziyyəti xalqa izah edən kral müxtəlif vasitələrlə yığdıqları suyu xalqın istifadəsinə verir. Bir müddət sonra içməli su ehtiyatı tükənir. Xalq susuz qala bilmədiyi üçün yavaş-yavaş  çayın suyundan içməyə başlayır. İlk başda dəli olanları digərləri görür, amma bilə-bilə özləri də içməyə davam edir. Artıq xalqın bütün fərdləri suyu içdiyi üçün hamısı dəli olmuşdu. Bu səfər də xalq özlərinin ağıllı olduğunu, suyu içməyən saraydakıların dəli olduğunu düşünməyə başlayır. Yavaş-yavaş saraydakılar da suyu içməyə başlayınca, ağıllı qalan kral və vəziri arasında girişdə verilən dialoq keçir. Və dəlilər arasında tək ağıllı qalmağın çətinliyinə dözə bilməyən kral “Dəliliyi seçməmək dəlilikdir” deyib, dəli olmağa qərar verir. Necə də çətin vəziyyətdir elə deyilmi?!
Ölkəmizi düşünün. Hakimiyyət mirşahinlərin əli ilə hər kəsə “dəlilik çayı”ndan için deyir. Bir qrup müxaliflər dəlilik suyundan içdiyi üçün içməyəni əsl müxalifət hesab etmir. Virusa inananlar inanmayanları və ya əksinə inanmayanlar inananları “dəli” adlandırır. Məlum hadisələrdə polis haqlıdır deyən və vətəndaş haqlıdır deyənləri düşünün. Ümumiyyətlə, sizə də elə gəlirmi ki, sizdən  fərqli düşünənlər sudan içiblər? Burada ortaya bir neçə möhtəşəm əsərə də adını vermiş olan sual çıxır ortaya: “Nə etməli?”. Başda iqtidar qollarını çirmələməlidir. Niyə onlar? Çünki bizim kimi ölkələrdə problemləri sistem yox, siyasi iqtidarların siyasi iradəsi həll edir. Resurslar da onların əllərindədir. Ölkədə köklü dəyişikliyə səbəb olacaq addımları yubatmadan atmalıdırlar. Ola bilsin iqtidar düşünür ki, xalqın başı bir tikə çörək qazanmağa qarışıb, məni nədəsə cavabdeh tutmağa vaxtı və həvəsi olmayacaq. Yanılır. Bıçaq sümüyə dirənəndə xalq ilk növbədə onlardan yapışacaq. Bıçağın da sümüyə dirənməsi an məsələsidir. Yağışlar yağıb da içməli suyumuzu zəhərləməmiş, hər birimiz “Dəlilər Çayı”ından içərək dəli olmamış, addımların atılacağına ümid edirəm. Ümid edirəm ki, sonda bizlər “dəliliyi seçməmək dəlilikdir” ifadəsini işlətməyəcəyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI