AZƏR HÜSEYNOV

Karantində ifadə və söz mədəniyyəti

Karantində ifadə və söz mədəniyyəti

AZƏR HÜSEYNOV
Ölkəmiz və dünya çox sancılı dövrlərini yaşamaqdadır. İnsanlıq böyük bir imtahan içindədir. Korona bəlası həm insanların canını, həm də psixikasını təhdid edir. Belə bir ortamda söylənilən hər bir kəlmə, hər bir söz ictimai asayişi qorumağa yönəlməlidir. Xüsusi ilə məmurların istifadə etdikləri cümlələr və sözlər həm hüquqi olaraq düzgün olmalıdır, həm də insanlarda optimizm yaranmasına səbəb olmalıdır. Çünki “hamımız qırılacağıq” tipində işlədilən sözlər cəmiyyətimizin və ölkəmizin varlığına təhlükədir.

Hamıya məlum həqiqətdir ki, ruhi aşınma insanın immun sistemini zədələyir. 
Ancaq təəssüf ki, bəzi məmurların istifadə etdikləri sözlərin hüquqi təməlləri olmur, psixoloji yükü isə ağır olur. Birincisi, tövsiyə olunardı ki, mətbuat konfransında çıxış edən TƏBİB-lərimiz maskanın vacibliyindən söz edərkən maskalı olsunlar. İctimaiyyəti məsuliyyətsizlikdə ittiham edib də, özlərinin maskasızlığı heç düzgün deyildir. Ən azı dövlət başçısına baxsınlar ki, o, ictimai yerlərdə maskalı olur. Güman edirəm ki, kiçik məmurlar öz fəaliyyətini subordinasiya qaydaları ilə tənzimləməlidir. 
Daha sonra fəaliyyətin hüquqi mexanizmlərini hazırlayarkən müvafiq hüquqi əsaslara riayət etsinlər.

Karantin rejiminin faydalılığı hamımızın mənfəətinədir. Görülən tədbirləri ümumi mühtəvası düşünmürəm ki, bizim əleyhimizədir. Fəqət işin detallarında ciddi problemlərin yaranması pandemiya dövründə ictimai inamsızlığa gətirib çıxardar. Həmçinin ittihamçılıq tərzində insanlara ünvanlanan sözlər qıcıq yaranmasına səbəb olur. Biz hamımız bir gəmidəyik, bu gəmi batsa hamımız batacağıq. Geosiyasəti izləyən hər kəs görür ki, bizim fiziki varlığımız belə müəyyən imperial düşüncəli böyük gücləri çox narahat edir. 

Pandemiya ilə bağlı milli tədqiqatlara ciddi ehtiyac hiss edilir. Virusologiya, ağ ciyər problemləri üzrə elmlər dissertasiyası müdafiə edənlər, eləcə də elmi-tədqiqat müəssisələri təşəbbüslərlə çıxış etməlidir. Pandemiya qlobal bəladır, amma bu qlobal bəlanın qarşısının alınmasına yerli fəaliyyətlər olduqca önəmlidir. Bir sözlə, karantin mədəniyyətinin formalaşmasında ifadə mədəniyyətinə, eləcə də elmi təşəbbüskarlığa yer verilməlidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI