KAMAL İLHAMOĞLU

Mübarizənin adı: "Malcolm X"

Mübarizənin adı: "Malcolm X"

KAMAL İLHAMOĞLU
 
Amerikada yaşanan hadisələr bizə çoxumuzun həyatımızda heç olmasa bir dəfə adını eşitdiyimiz adamı - “Malcolm X”i xatırladır. Anadolu türklərində mərd, sözü bütöv adamlar üçün işlədilən bir ifadə var “Adam kimi adam”. Tam da bu ifadənin qarşılığını verirdi Malcolm X. Onun haqqında nə yazılsa, azdır deyə bilərəm. Uzun, keşməkeşli həyatı var idi. Ətraflı oxumaq istəyənlər üçün mənim tövsiyəm Alex Haleyin qələmə aldığı “Malcolm X”in biografiyası” (The Autobiography of Malcolm X) kitabıdır. Malcolm X haqqında adətən  21 fevralda yazılar yazılır. Çünki o, 1965-ci ilin 21 fevralında - mübarizəsini apardığı dəyərlərin  zirvəsində olanda, İslamın ümumbəşəri həqiqətini dərk etdiyi, irqçilik əleyhinə İslamın və İslam qardaşlığının təklif etdiyi metodu dilləndirməyə başladığı bir zamanda şəhid edilmişdi. Düşünürəm ki, 21 fevral tarixindən sonra bu gün onu xatırlamağın ən uyğun zamanıdır. Amerikada Corc Floydun qətlindən sonra irqçilik əleyhinə insanların küçələrə çıxmasını, polislə vətəndaş arasında yaşanan qarşıdurmalar, aktivistlərin irqçilik əleyhinə olan çağırışları Amerikada qaradərili insanların hələ də ciddi şəkildə diskriminasiyaya məruz qaldığını və ümumi mənzərəni göstərir.
Əsl adı Malcolm Little olan Malcolm X, 19 May 1925-ci ildə anadan olmuşdu.  Malcolmun atası  Earl Little, qaradərililərin  heç bir zaman azad olmayacağını və Afrikaya dönmələrini müdafiə edən  xristian din adamı idi. Earl Little fikirlərinə görə tez-tez ölümlə hədələnirdi. Hətta 1929-cu ildə hələ Malcolmun 4 yaşı olanda evləri yandırılmışdı. Bu yanğından heç bir ailə üzvü xəsarət almasa da, ata Earl Little 1931-ci ildə suiqəsd nəticəsində dünyasını dəyişir. Bu hadisələrdən sonra Malcolmun anası  ruhi xəstəxanaya yerləşdirilir. Qoruyucu ailənin yanına verilən Malcolmun həyatında yeni bir səhifə açılır. Bir neçə sinif oxuduqdan sonra məktəbi tərk edən Malcolm xatirələrində deyirdi: “İrqçilik yolumu kəsməsəydi, vəkil olardım, haqsızlığa məruz qalan soydaşlarımı müdafiə edərdim. Mən bu sözləri məni çox sevən müəllimimə demişdim. Lakin onun gözlərinə baxanda görmüşdüm ki, sanki gözləri ilə belə deyir: “Sən bir qaradərilisən. Vəkillik sənin üçün əl çatmazdır”.
Məktəbi tərk etdikdən sonra müxtəlif cinayətlərə qarışan Malcolm həbs edilir. 10 il həbs həyatı yaşayan Malcolm həbsxana xatirələri barədə aşağıdakı cümlələri deyirdi: “Həbs olunandan sonra bir çox həqiqətlərin fərqini anlamağa başladım. Yarımçıq qalan təhsilimi davam etdirmək üçün günlərimi kitabxanada keçirdim. Mənə görə bir insan düşünmək istəyirsə, onun üçün ən ideal yer universitetlərdən sonra həbsxanadır".
Həbsxanada onu tez-tez ziyarət edən dostlarının vasitəsi ilə Elijah Muhammedin rəhbərlik etdiyi “Nation of Islam” təşkilatının fikirləri ilə tanış olur və İslamı qəbul edir. Daha sonra bu təşkilatla yolları ayrılır. Çünki “Nation of Islam” qaradərili milliyətçiliyini müdafiə edirdi.
Həyatının daha bir qırılma nöqtəsini Həcc ziyarətinə getdikdən sonra yaşayır.  Həcc ziyarətinə qədər qaradərili milliyətçiliyini müdafiə edən Malcolm öz təəssüratlarında yazırdı: “Həccdə hər rəng insan  var, gözləri göy olan sarışınlardan qaradərili afrikalılara qədər. Bu qədər rəngli olmağına baxmayaraq hamı birlikdə ibadət edir. Amerikadakı insanlar, yaşadığım təcrübə, ağ və ağ dərili  olmayan insanlar arasında belə bir qardaşlığın mümkünsüzlüyünə inandırmışdı məni. Bütün dünya İslamı tanımalıdır. Çünki yalnız bu din cəmiyyətdəki irq, rəng, insanlar arasındakı ayırımı kökdən rədd etməkdədir”.
Həcc ziyarətindən döndükdən sonra Malik El Şahbaz adını (təxəllüsünü) istifadə etməyə başlayır. Eyni zamanda “Nation Of İslam” təşkilatından tamamilə ayrılaraq “Muslim Mosque” adlı təşkilat qurur. O, minlərlə tərəfdarı olan təşkilat nümayəndələrinə konfranslar verməyə,  onlara islamı anlatmağa başlayır. Müxtəlif televiziya programlarında çıxış edir, qəzetlərdə köşə  yazısı yazır.
Malcolmun ailəsi ilə birlikdə yaşadığı evi 15 fevral 1965-ci ildə bombalanır. Bu suiqəsddən ailə fərdlərindən heç kim xəsarət almır. Lakin bu hadisədən 6 gün sonra - 21 fevral 1965-ci ildə konfransda çıxış edərkən silahlı suiqəsd nəticəsində 15 güllə yarası alaraq şəhid olur.  Cinayətin səbəbkarı olaraq 3 nəfər həbs olunsa da, son zamanlarda  Malcolm X-i addımbaaddım izləyən Federal Tədqiqat Bürosunun (FBI) bu cinayət işində əli olduğu iddiaları səsləndirilir.
Malcolm X yaşantısı və mübarizəsi ilə parıldayan amerikan imicinin parıltısını söndürmüşdü.  Çünki amerikanların hər zaman fəxr etdiyi bir dəyərin yalnız kağız üzərində olduğunu sübut etmişdi. Nə idi o dəyər?! Amerikanlar Fransız İnqilabının da təməl prinsiplərindən olan - “Bütün insanlar bərabər hüquqlu anadan olur..” - insan hüquq və azadlıqlarının qorunması məsələsini ələ alan ilk dövlət olmaqla fəxr edirdilər. Amerikanların hər zaman fəxrlə bəhs etdiyi “İnsan insandır, insanın insandan fərqi yoxdu” ifadəsində səmimi olmadılarını göstərdi.
Malcolm X-in şəhadəti “Amerika bərabərdir” insan haqları “aksiomasını” paramparça edirdi. Yazımı  Malcolm X-in cümlələri ilə tamamlamaq istəyirəm.
“Mən bir amerikalı deyiləm. Mən Amerikanizmə qurban edilmiş 22 milyon qaradərili insandan biriyəm. Bir maskalı saxtakarlıq olmaqdan başqa heç bir mənası olmayan, demokratiyaya qurban edilmiş 22 milyon qaradərili insandan biri. Mən amerikan sisteminin bir qurbanı olaraq danışıram. Və mən Amerikanı, ona qurban  edilmiş birinin gözü ilə görürəm, heç bir amerikan yuxusu görmürəm.  Mən amerikan kabusu görürəm”.
Malcolm X–in şəhid edilməsinin üstündən 50 il keçməsinə baxmayaraq, hələ də Amerikada qaradərililər irqi ayrı seçkiliyə məruz qalır. Bütün dünyaya insan haqları məsələsində dərs vermək iddiasında olan Amerika bir addım belə irəli getməyib.
PS: Yazının barıtı çoxdur deyə düşünənlərlə eyni düşüncədə olmadığımı bildimək istəyirəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI