AZƏR HÜSEYNOV

MƏMURLARIN PEŞƏ VİCDANININ TƏRBİYƏSİ MİLLİ DÖVLƏTİN VƏZİFƏSİDİR

MƏMURLARIN PEŞƏ VİCDANININ TƏRBİYƏSİ MİLLİ DÖVLƏTİN VƏZİFƏSİDİR

AZƏR HÜSEYNOV
Biz şəhidlər, qazilər ölkəsiyik. Istər Birinci Qarabağ Müharibəsində, istərsə də 44 günlük İkinci Vətən Qarabağ Müharibəsində igidlik göstərmiş insanların Vətəniyik. Bütün amillər dövlət və xalq olaraq bizim məsuliyyətimizi artırır. Təəssüf ki, Birinci Qarabağ Müharibəsinin bitməsindən sonra sosial münasibətlərin tənzimlənməsində məmur məsuliyyəti baxımından müəyyən problemlər oldu. 
İkinci Vətən Qarabağ Müharibəsindən sonra bunların olmayacağı qənaətindəyik. Nə üçün? Çünki İkinci Vətən Qarabağ Müharibəsində əhalinin kütləvi və fərdi iştirak dərəcəsi daha çox oldu. Və biz bu savaşa formalaşmış dövlət aparatı, inkişaf etmiş iqtisadiyyat və hazırlıqlı ordu ilə girdik. Bütün xarici təzyiqlərə baxmayaraq xalq Ali Baş Komandanına müharibənin hərbi zəfərlərlə başa çatdırılmasında dəstək oldu. Eyni zamanda siyasi iradənin də qətiyyəti xalqda bir coşqu formalaşdırdı. Bu uğurların davam etdirilməsi lazımdır. 
Bunun üçün isə indi toxunacağım əsas amillərdən biri məmurların vicdan tərbiyəsinin düzgün qurulmasıdır. Bu arada yadıma şəhid polkovnik Babək Səmidli düşdü. Onun şəxsi heyətin qarşısında lentə alınan son çıxışı düşdü yadıma: “ Bizi üç şeydən biri gözləməlidir. Ya şəhid olacağıq, ya qazi olacağıq, ya da ki qalib”. Həqiqətən də səmimi bir şəxsin tərbiyə işində iştirakı tərbiyə prosesini keyfiyyətləndirir. Bütün bunların davamında polkovnikin şəhid olması onun səmimiyyətinin sanki bir sübutuna çevrildi. 
Biz hərbi xidmət edən zaman, taborlarda və hərbi hissələrdə tərbiyəvi işlər üzrə komandir müavini vəzifəsi var idi. Onun əsas vəzifəsi şəxsi heyətin tərbiyəvi və ictimai-siyasi hazırlığına nəzarət etmək idi. Bir sözlə, istənilən halda istənilən qurumda tərbiyə işinin düzgün təşkil edilməsi çox önəmlidir. 
Xüsusi ilə bu işi dövlət qulluğunda, məmur sistemində işləyənlərlə yüksək səviyyədə təşkil etmək lazımdır. Ki daha ölkəmiz iş otağından bağlamalarla pullar çıxan məmurlarla rastlaşmasın. Məsələ həm də yalnız maddi də deyildir. 
Məsələ həm də məmurların mimika, jest, ifadə, müraciət şəkillərinin tərbiyə edilməsidir. Hər bir iş əslində insan nəfsinə və psixologiyasına müəyyən müddətdən sonra təsir edə bilir. Hansı isə bir kresloda oturmaq, davamlı qalstuk taxıb, əzbərlənmiş formatlarda rəhbərliyə hesabatlar vermək məmurları “havaya” gətirə bilir. Bu arada Dövlət Başçısının sözlərini xatırladım. Bu məqamlar xalqa xidmət üçündür. Doğrudan da belədir. Amma yenə deyirəm davamlı xatırlatma olmadan insan vəzifəsinin əslində bir məsuliyyət məqamı olduğunu unuda da bilir. 
Uca Allah Quranda nə gözəl deyir: “Xatırlat, həqiqətən xatırlatma möminlərə faydalıdır.” Zəriyət, 51
Bu, o kəslərə aiddir ki, onlar gecə gündüz Allaha ibadət edər. Ondan qorxarlar. Əgər belədirsə, işin rutinləşməsi nəticəsində bir qədər ruhsuzlaşmağa meyl edən məmurlar üçün xatırlatmaq daha faydalıdır. 
Məmurların sistemli bir şəkildə bu süzgəcdən keçirilməsi vətəndaşın dövlətə olan inamını artırır. Dövlət və vətəndaş münasibətlərinin sağlamlaşdırılmasına gətirib çıxardır. Toplumdaxili dialoqun və fikir mübadiləsinin əsaslarını hazırlayır. 
Yadıma bir məsələ düşdü. Deyirlər, Osmanlı dövlətində qəssabları arada dövlət toplayıb gül əkməyə göndərərmiş. Çünki işinin mahiyyəti gərəyi qəssablarda bir sərtləşmə əmələ gəlirmiş. Bunun qarşısını almaq üçün edərlərmiş, bu işi. Maraqlıdır, əlsində bu. Amma bir təcrübədir. Tariximiz gözəl təcrübələrlə doludur. 
Bunlardan istifadə edərək yeni dünyaya doğru həmdərdlərimiz, əqidədaşlarımız, hədəfdaşlarımızla birlikdə irəliləməliyik. Biz artıq dünyanın reallıqlarını dəyişdirmək istəyən bir bədənin mühüm əzalarından biriyik. Bu bədən mövcudluq şərtlərinin yaxşılaşdırılması üçün bir tərəfi Qarabağda, bir tərəfi Ağ Dəniz və Şimali Afrikada, bir tərəfi isə Kəşmirdə yeni sözlər demək istəyir və deyir. 
Bir kommunist yazarın ( bu ideyalogiyanı sevməsəm də) bir əsəri vardır – Polad necə bərkiyirdi. Biz polad olaraq bərkimə prosesindəyik. Poladın bərkiməsi olduqca vacibdir. Çünki ədalət mizan ( düzgün ölçü ) və dəmirlə olur. Dəmirə vaqif olduğumuzu Qarabağ savaşında ortaya qoyduq. Artıq mizanları da ayarlamaq zamanı gəldi ki, daha güclü olaq.


Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti

Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI