AZƏR HÜSEYNOV

Ədalət Milli dövlətin təməlidir

Ədalət Milli dövlətin təməlidir

AZƏR HÜSEYNOV
   Ədalət insani münasibətlərdə çox böyük amildir. Ədalət insan nəfsinin özünə qarşı tələb etdiyi davranışdır. Heç kim özünə qarşı ədalətsiz rəftarı sevməz.

   Biz İkinci Qarabağ Vətən Müharibəsində 2783 şəhid vermiş bir ölkəyik. Ona görə bizim üçün güclənmənin, inkişaf etmənin, böyük bir dövlət olmağın açarı da ədalət olmalıdır.
Azərbaycan bu Vətən Müharibəsində möhtəşəm bir həmrəylik nümunəsi göstərdi. Xüsusi ilə diqqəti cəlb edən xalq ilə Dövlət Başçısı, dövlət arasında olan münasibətlərin yüksək səviyyədə olması idi. Bütün bunların əsas səbəbi qələbəyə təşnə olmaq idi. Siyasi, dini, milli mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları Qafqazın qara yarası Ermənistana, ona dəstək verən böyük güclərə qarşı bir həmrəylik dirənişi göstərdilər. Əslində ölkə insanımızın mahiyyətinin, qəlbinin insani nümunə olmasını göstərdilər. Bu nailiyyətlərinin davam etməsi, ölkəmizin yeni dünya düzənində özünə yer tutması üçün ƏDALƏT MİLLİ DÖVLƏTİN TƏMƏLİNƏ çevrilməlidir.

Nədir ədalət?

   Ədalətin ziddi isə zülmdür. Dahi Nizamülmülkün bu sözləri necə də diqqətə layiqdir: “Məmləkət zülm ilə payidar olmaz”. Ədalət isə mülkün təməlidir. Ədalət vətəndaşın dövlətinə inamının əsasıdır. Ədalətin göstəricisi isə əmr edənlərin əmr alanlara qarşı səmimiliyidir. Bununla bağlı olaraq Quranda necə də gözəl bir izah vardır : “Kitabı (Tövratı) oxuduğunuz halda insanlara yaxşı işlər görmələrini əmr edib özünüzü unudursunuzmu? Məgər düşünmürsünüz?” Bəqərə surəsi, 44-cü ayə.

  Ona görə bir dövlətin payidar olması üçün bu məqamlar diqqətə alınmalıdır. Ədalət dövlətin onurğa sütununu təşkil edənlərin əqidəvi siması olmalıdır. Ədalət əqidəvi bir zərurət olmadıqda, yalnız keçici mənfəətlər üzərində bina edildikdə artıq ilkin çatlar başlayır. Bunu SSRİ-nin simasında görə bilərik. İlk kommunistlər katorqalarda əziyyət çəkərkən, SSRİ dağılanda kommunist elitası kapitalist mahiyyətinə malik olmuşdu. Ona görə də ədalət mütləq insanda və xüsusi ilə dövlətin onurğa sütununda özünə yer tutanların əqidəsi olmalıdır.

  Ədalət nizamının mövcudluğu vətəndaş ilə dövlət arasında münasibətləri sağlam saxlamğa imkan verir. Məkkədə zülmə məruz qalan ilk müsəlmanların üz tutduğu yer Həbəşistan olmuşdu. Nə üçün müsəlmanları məhz Həbəşistana göndərdiyini izah edən rəsulullah deyirdi: “Həbəşistana gedin orada xalqına zülm etməyən ədalətli bir hökmdar vardır. Bu həqiqət diyarıdır. Allah asanlaşdırana qədər orada qalın.”

   Ədalət həm də insanları özünə cəlb edən bir əsasdır. Bütün bunlar onu deməyə əsas verir ki, ədalət şüuru üzərində tərbiyə bir xalqın əsas amili olmalıdır. Əgər bir xalq dövlətinin özünə qarşı ədalətli olmasını istəyirsə övladlarını ədalət şüuru ilə tərbiyə etməlidir. Bu isə olduqca çətindir. Amma sağlam bir cəmiyyətin əsasıdır. Ədalət çətin zamanlarda vətəndaşa dövlətini anlamağına imkan verir.

   Ədalətin olması isə vicdanın mövcudluğuna bağlıdır. Burada xüsusi ilə bir məsələni qeyd etmək istəyirəm. Mütləq və ideal ədaləti ancaq Allah təmin edir. Ancaq bu həyatda insanın, cəmiyyətin və dövlətin vəzifəsi isə ideala maksimal yaxın ədalətin təmin edilməsidir. Ədalət əldə edilən nailiyyətlərin qorunmasının əsas amilidir. Biz 44 günlük bir savaşda şəhidlərin və qazilərin fədakarlığı, dövlətin siyasi iradəsinin düzgün tənzim edilməsi səbəbi ilə hərb meydanında bir qələbə qazandıq. Bu qələbə nemətinin tamamlanması və bizim türk-müsəlman dünyasında aparıcı yerlərə doğru getməyimiz üçün ədaləti ayaqda tutmağımız lazımdır.

  Yeni dünya düzənində ədalət axtarışı

Ədalət həm də mərhəmətin və sevginin təməlidir. Ədalətli olana qarşı sevgi insanın fitrətindəndir. İdeala yaxın ədaləti isə adil düzəni əsas alacaq milli dövlət təmin edə bilər. Kapitalist zehniyyətlər, sosialist düşüncələr insanın fitrətinə uyğun ədaləti təmin edə bilməz. Çünki birincisində ədaləti oynadan maliyyə baronlarıdır, ikincisində isə insanın fitrətinə savaş elan edilmişdir. Son kovid pandemiyası isə onu deməyə əsas verir ki, dünya yeni düzənə hamilədir. Bu düzəndə əsas axtarış da ədalət olacaqdır. Çünki 1945-ci ildən sonra formalaşan, 1991-ci ildən sonra üzərində bir az əl gəzdirilən, 2000-ci illərdən isə oynayan dünya düzəni ədaləti ayaqda tuta bilməz. Çünki ədalət üzərində bərqərar edilməyibdir. Artıq dünyanın məzlum xalqları ədalət axtarışı üçün bir yola çıxdılar. Amma onların bunu ilk öncə öz daxillərində təmin etməlidirlər.

Azər Hüseynov
Tarixçi yazar. Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti


 

MÜƏLLİFİN DİGƏR YAZILARI